Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

Boris Conson: Britaniya Avropa İttifaqını oktyabrın 31-dən gec olmayaraq tərk edəcək

Boris Conson: Britaniya Avropa İttifaqını oktyabrın 31-dən gec olmayaraq tərk edəcək

Böyük Britaniya parlamentinin Brexit müddətini yenidən təxirə salma cəhdlərinə baxmayaraq Birləşmiş Krallıq oktyabrın 31-dən gec olmayaraq Avropa İttifaqını tərk edəcək.

 Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Dublində irlandiyalı həmkarı Leo Varadkarla birgə mətbuat konfransında bildirib.

Leo Varadkar Londonla Brüssel arasında sazişin mürəkkəb məsələ olsa da, əvvəlki kimi mümkün olduğunu deyib. İrlandiya hökumətinin rəhbəri, həmçinin Consonun istənilən təklifini dinləməyə hazır olduğunu, lakin Brexit prosesindən sonra İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında sərt sərhədə yol verməyəcək “bekstop” rejiminin tətbiqində israr etdiyini vurğulayıb.

Tərəflər konstruktiv müzakirələrə ümid etdiklərini bildirsələr də, Boris Conson Varadkarla danışıqlarda tam irəliləyişə əmin olmadığını da qeyd edib.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb.