Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

Məşqdə ölən sənətkarlarımız

Məşqdə ölən sənətkarlarımız

Filmlərin çəkilişlərində, tamaşaların məşq proseslərində elə hadisələr də olur ki, aktyorlarımızın həyatı bahasına başa gəlir.

Bəzən isə xırda zədələrlə yadda qalır. Kimisi səhnədəcə dünyasını dəyişir, kimisi həmin zədədən, amma bir müddət sonra. Bu hadisələrdən ucuz qurtulanlar da yox deyil.

Məsələn, dünya şöhrətli cazmenimiz Vaqif Mustafazadə Özbəkistanda verdiyi konsert bitəndən sonra tamaşaçılara baş əyib səhnə arxasına keçib və yıxılıb. Yaxınlaşıb görüblər ki, dünyasını dəyişib.

Xalq artisti Məlik Dadaşov Tədris Teatrında məşq zamanı tələbəsinə edəcəyi hərəkəti göstərərkən yıxılıb və gicgahı stolun küncünə zərblə dəyib. Orda da dünyasını dəyişib.

Aktyor Ağadadaş Qurbanov “Arşın mal alan”ın çəkilişləri vaxtı (Soltan bəy roluna) qızı aktrisa Gülşən Qurbanova ilə birgə qaldığı mehmanxananın eyvanında əyləşib çay içən zaman uçqun baş verir. Ağadadaş Qurbanov həlak olur, balaca Gülşən isə zədə ilə xilas olur.

Eyni hadisə “Dan ulduzu” instrumental qrupunun rəhbəri Gülarə Əliyevanın da başına gəlib. O da eyvanın uçması nəticəsində həlak olur.

Xalq artisti Ələsgər Ələkbərov “Böyük dayaq” filminin çəkilişləri vaxtı başından aldığı zədədən dünyasını dəyişir. Yadınızdadırsa, filmdə Rüstəm kişinin başından çomaqla vurub onu Kürə atırlar. Zərbə planlaşdırıldığının əksinə güclü alınır və aktyor bu zərbənin fəsadlarından uzun müddət müalicə olunsa da, sonda o dərdlə dünyasını dəyişir.

“Axırıncı aşırım” filminin çəkilişlərində isə Əbdül Mahmudova dəyən şillənin barıtı çox olduğundan aktyorun dodağında çapıq qalır.

Xalq artisti Əliağa Ağayev də “Görüş” filmində çaya yıxılarkən başı körpünün suyun altında olan dirəyinə dəyir. Aktyorun sonuncu çəkildiyi “Evlənmək istəyirəm” filmi olsa da, “Görüş”dən aldığı zədə ilə dünyasını dəyişir. “Evlənmək istəyirəm” filminə isə 39-40 dərərcə temperaturda ona vurulan ağrıkəsici iynələrin hesabına çəkilə bilib. Filmin çəkilişləri başa çatanda aktyor artıq dünyasını dəyişmişdi.

Xalq artisti Nəsibə Zeynalovanın sonuncu çəkildi “Məhəllə” filmi olub. Filmin səsləndirmə prosesində Nəsibə xanım artıq rəhmətə getmişdi və filmdə onun səsinin əvəzinə Qorxmaz Əlilinin səsi yazılıb.

Aktrisa Nəcibə Məlikova Hindistanda qastrolda olarkən arxadan çiyninə tullanan meymundan diksinib şəkər xəstəliyinə düçar olub və çox keçmədən rəhmətə gedib.

Bəşir Səfəroğlu da filmə çəkilərkən çoban itlərindən necə qorxubsa, şəkər xəstəliyinə tutulub.

Xalq artisti Firəngiz Şərifova Gənc Tamaşaçılar Teatrında “Mahmud və Məryəm” tamaşasının məşqlərində gözünə düşən projektorun sayəsində yıxılıb və hər iki qolları, qıçı sınıb. O vaxtdan aktrisa səhnəyə çıxa bilmir, müalicədədir.

Həmin teatrın aktyoru Elşən Rüstəmovun Milli Dram Teatrında “Hamlet” tamaşasının məşqlərində Fuad Poladovun polad qılıncı ehtiyatsız fırlaması nəticəsində qıçı sınmışdı.

Xalq artisti Həsən Məmmədov “Dədə Qorqud” filminin çəkilişi vaxtı ilandan qorxub xəstələnib. Bir müddət sonra çəkilişləri davam etdirən Tofiq Tağızadə Həsən Məmmədovun daha çəkilişə gələ bilməyəcəyinin düşünüb təzə “Dədə Qorqud” üçün sınaq çəkilişləri elan edib. Bu vaxt aktyor çəkiliş meydanına gəlib.

“Nəsimi” filmində onun çarmıxa çəkilməsi səhnəsi səhrada bir gün ərzində çəkilib. Çəkilişi yarımçıq qoya bilməyən Rasim Balayevin susuzluqdan halı xarablaşıb.

Xalq artisti Həsənağa Turabov “Bəyin oğurlanması” filminin çəkilişləri vaxtı ilk dəfə hipertonik kriz keçirib. Sonralar ürəyindən əməliyyat olunsa da, aktyor həmin xəstəliklə dünyasını dəyişir. Onu da deyək ki, həmin ilk ürək krizi zamanı Şamaxıda çəkilişə baxmağa gələn yerli camaatdan kimsə aktyora zirinc mürəbbəsi yedirdib və bu mürəbbə ona filmin çəkilişlərini sona çatdırmağa köməkçi olub.

“Əhməd hardadır?” filmindən Əhməd kimi tanıdığımız, əslində sirk ustası Səyavuş Şəfiyev Moskvada qastrol vaxtı mehmanxananın otağında ürək tutmasından dünyasını dəyişir, onu üç gün sonra qapını sındırmaqla tapırlar.