Bakı
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.855 AZN

Dünyada qlobal qeyri-bərabərlik daha da güclənib

Dünyada qlobal qeyri-bərabərlik daha da güclənib

“Oxfam” beynəlxalq təşkilatı Davos İqtisadi Forumu ərəfəsində növbəti dəfə dünyada maddi rifah vəziyyətinə dair hesabatını açıqlayıb.

Dünya əhalisinin gəlirləri, varlı və yoxsul təbəqə arasında sərvət fərqinə dair rəqəmlərin əks olunduğu hesabatda qlobal qeyri-bərabərliyin daha da gücləndiyi müşahidə olunub. Belə ki, hesabatda dünyanın ən zəngin 2153 şəxsinin planetimizin 4,6 milyard sakinindən daha çox sərvətə malik olduğu müəyyən edilib. Hesabatda həmçinin “Bloomberg“ agentliyinin statistikasına da istinad olunub və dünyanın 500 ən zəngin şəxsinin ötən il öz sərvətini 25 faizədək artırdığı qeyd edilib.

Hesabatda qeyd olunur ki, sosial qeyri-bərabərliyin ən çox zərbə vurduğu təbəqə isə qadın və qızlardır. Həyatını ailə qayğıları, övlad böyütmək və ev təsərrüfatında işləməklə keçirən əksər qadınlar bu əməyə görə heç bir maddi vəsaitlə təmin olunmurlar. Təşkilatın hesablamalarına görə, həyatını ailə-məişət qayğılarına və təsərrüfatına həsr edən qadınlar müvafiq ölkənin minimum əmək haqqı ilə təmin olunsaydılar, bunun üçün hər il on bir trilyon ABŞ dolları vəsait ödənilməli olardı.

Təşkilatın hesabatında həmçinin qeyd olunur ki, dünyanın aparıcı şirkətləri qanunvericilikdəki boşluqlardan məharətlə istifadə edərək, mümkün qədər az vergi ödəməklə sosial təminat sisteminə zərbə vururlar. Beynəlxalq və iri şirkətlərə, eləcə də zənginlərə qoyulan vergilərin artırılması, həmçinin sosial təminat sisteminin inkişaf etdirilməsi gələcəkdə varlı və yoxsullar arasındakı sosial fərqi azalda bilər.