Bakı
9° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8991 AZN

İsveçrə gözəllikləri: Engelberq–Titlis

İsveçrə gözəllikləri: Engelberq–Titlis

Engelberq – İsveçrənin Obvalden dairəsində yerləşən, mənzərəli, dağ zirvələri ilə əhatə olunan kiçik şəhərdir.

Turistləri əsasən bu kurorta cəlb edən Titlis dağıdır. Bu dağın zirvəsindən başı qarlı Alpa xoş təsir bağışlayan mənzərə açılır. Yuxarıda ziyarətçilər buzlaqda çapılmış tunellə keçərək, Avropada ən hündür asma körpüdə gəzişə və ya xizək sürə bilərlər. Dağın döşü ilə çəkilən kanat yolunun aşağı stansiyası Engelberqdə yerləşir.

Titlis dağı

Engelberqin mərkəzində yerləşən “Titlis Xpress” kanat yolu Trüyob stansiyasında yer dəyişməklə Titlis dağının zirvəsindəki son dayanacağa aparır. Burada sərnişinləri dünyada ilk fırlanan kabinələri olan “Titlis Rotair” kanat yoluna səfər gözləyir. Kanat yolu arzu edənləri birbaşa buzlağa çatdırır. Qısa lakin maraqlı səyahət zamanı sərnişinlə olan kabinələr 5 dəqiqə ərzində 360 dərəcə dövr edir, başı qarlı dağ zirvələrinə, sıldırım qayalı yamaclara və dərin dərələrə gözəl mənzərə açır. Engelberqdən dağın zirvəsinədək gedişə ümumilikdə 30 dəqiqə sərf olunur.

Titlisin zirvəsi və müvafiq olaraq turist marşrutunun son dayanacağı 3020-3041 metr yüksəklikdə yerləşir, burada ilboyu hər tərəf qarla örtülür. Titlis dağında ziyarətçilərin rahatlığı üçün quraşdırılan 5 mərtəbəli stansiyanın hər mərtəbəsində özünün infrastrukturu mövcuddur. Burada restoranlar, kafe, pikniklər üçün zonalar, konfrans zalları, mağazalar, fotoatelye yerləşir. Ayrıca dəhliz buzlağın sahəsi bir kvadratkilometrdən çox olan dərinliyinə aparır. Təbii buz qatından keçid və rəngli işıqla bəzədilmiş taxçalar çapılıb.

Titlis Kliff Uolk

Ziyarətçilər 100 metrlik Titlis Kliff Uolk körpüsünü keçərək öz əsəb sistemlərini qıcıqlandıra bilərlər. Bu körpü Avropada ən hündür asma körpüdür. Körpü 500 metr dərinliyi olan dərənin üstündə, qayalar arasında, 3041 metr yüksəklikdə quraşdırılıb və yalnız yaxşı havada istifadəyə açıq olur. Bizim Titlis dağına səyahətimiz zamanı hava bir az küləkli olduğundan körpü ziyarətçilərə bağlı idi.

Qışda Engelberq-Titlis kurortu müsafirlərə xizək və kirşə idmanı ilə məşğul olmaq imkanı yaradır. Yayda isə samokat, dağ velosipedləri sürmək, yürüşə getmək və s. olar.

Trüyob gölü

Geriyə dönərkən, Trüyob stansiyasında yerdəyişmə zamanı istirahət üçün yaradılan şəraitdən həzz almaq olar. Hava ilə doldurulan döşəkcələr uşaqların ürəyincə olacaq, təbiət gəzintisinin həvəskarlarını isə dağ gölü məftun edəcək. Arzu edənlər sahildəki körpüyə bağlanan avarlı qayıqlardan göldə gəzinti üçün pulsuz istifadə edə bilərlər.

Şəlalədən bir az aralıda kiçik, lakin çox gözəl dağ çayına tamaşa etmək olar. 10-15 dəqiqə sakit, aramla gəzərək çayın məcrasına çatmaq olar. Kiçik çay daşlıq yerlə axaraq, təmiz saf su ilə dolu balaca körfəzlər əmələ gətirir.

İsveçrə pendiri

Alp çəmənliklərində otlayan boynu zınqırovlu kök inəklər – Engelberq üçün tipik mənzərədir. Təəccüblü deyil ki, bu region özünün pendiri ilə tanınır. İsveçrədə pendirin hazırlanması sənəti haqqında daha çox öyrənmək istəyənlər üçün Engelberqdə, “Schaukäserei Kloster Engelberg” pendir hazırlama müəssisəsində ustad dərsləri təşkil olunur. Müsafirlər yumşaq ağ pendirlərin hazırlanma prosesini əvvəldən-axıradək gözləri ilə görə, həmçinin onlardan bəzilərinin dadına da baxa bilərlər.

Engelberqdən hər gün 15 fermer pendir hazırlama müəssisəsinə olduqca keyfiyyətli təzə sağılmış inək südü təhvil verirlər. Pendirtutanlar əvvəlcə südün tərkibində ilin fəsillərinə, havaya və yemə görə dəyişə bilən yağ və zülalın miqdarını yoxlayırlar. Sonra süd 68 dərəcə temperaturda bir dəqiqə ərzində pasterizə olunur.

Daha sonra süd 35 dərəcəyədək soyudulur və pendirtutanlar oraya çürüdücü renin fermentini və maya əlavə edirlər. Süd təxminən 40 dəqiqəyə yoqurt və ya yumşaq kəsmiyə bənzər lazımi konsistensiyaya çatır. Pendirtutan bundan sonra pendirli kəsmiyi xüsusi bıçaqla hissələrə bölür.

Ağırlıq qüvvəsi sayəsində pendirli kəsmik hissələri bütöv kütləyə çevrilir, yerdə qalan zərdab isə sıxılır. Bu zəngin qidalı mayedən sonradan zərdablı içki hazırlayırlar.

Pendirin hamar olmasından ötrü onu xüsusi pendir qablarına qoyurlar. Ertəsi gün isə elə həmin qablarda pendir bir saatlıq duzlu məhlula yatırılır. Orada pendir duzu özünə çəkərək artıq suyunu buraxır. Bu səbəbdən pendirin üzərində nazik qabıq əmələ gəlir.

Bax bu qədər. Yeni tutulan pendirin bəzi növləri istifadəyə hazır olur. Pendirin digər növlərinin yaxşı tutmasından ötrü onları 14 dərəcə temperatur və 95 faiz rütubətlilik şəraitində zirzəmidə iki il və daha çox saxlayırlar. Belə halda pendir daha dadlı və ətirli olur.