Peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın günlərdə Azərbaycan milli peykinin orbitə çıxarılması layihəsi çərçivəsində “Orbital” şirkəti ilə baş kontrakt və sığorta şirkətləri ilə bir neçə köməkçi kontraktlar imzalayacaq. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib. Nazirin sözlərinə görə, müqavilə imzalandıqdan sonra öncədən planlaşdırıldığı kimi, peyk 2012-ci ilin iyun ayında orbitə çıxarılacaq. Qeyd edək ki, peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir. Bu məbləğin 40 mln. dolları peykin raketdaşıyıcı vasitəsilə orbitə çıxarılması üzrə işlər üçün nəzərdə tutulub. İlk süni milli rabitə peykinin orbitə 2011-ci ilin əvvəlində çıxarılacağı gözlənilir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq. Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan rusiyalı akademik Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış «Silk Sat» proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarını cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» sərəncamına müvafiq olaraq həyata keçirilir.