
Əli Həsənov: “Dağlıq Qarabağ beynəlxalq narkotrafik marşrutlarına daxil edilməlidir”
Tarix: 11.03.2010 Saat: 02:34 Mövzu: SİYASƏT
Azərbaycan BMT-dən narkotrafiklərin siyahısına yeni marşrutun əlavə olunmasını tələb edir: Əfqanıstan-İran-Dağlıq Qarabağ.
Trend-in məlumatına görə, bunu baş nazirin müavini, Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, hazırda BMT-yə narkotik maddələrin Azərbaycan vasitəsilə tranzitinin üç marşrutu məlumdur:
Əfqanıstan-İran-Azərbaycan;
Əfqanıstan-Pakistan-İran
Əfqanıstan-Orta Asiya-Azərbaycan.
Əli Həsənov bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın, eləcə də dünya ictimaiyyətinin nəzarətində olmayan ərazi kimi narkotrafik marşrutlarına daxil edilməlidir. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələr becərilir, silahlı dəstələr və terror qruplaşmalarının hazırlığı üçün düşərgələr yerləşir. Baş nazirin müavini deyib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları mövcud vəziyyətə reaksiya verməyə çağırsa da, hələlik heç bir reaksiya yoxdur: “Necə ola bilər ki, bu gün dünyada nəzarətsiz ərazi mövcud olsun? Görünür, bu problemin qalması beynəlxalq təşkilatlardakı mafioz qrupların marağındadır”.
|
|