BMT-nin baş katibi Beynəlxalq Novruz Günü ilə bağlı müraciət etdi
BMT-nin baş katibi Pan Gi Mun 21 mart Beynəlxalq Novruz Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən məlumata görə, müraciətdə bildirilib ki, Beynəlxalq Novruz Gününün qeyd edilməsi ilə bağlı Baş Assambleyanın bu il qəbul etdiyi qərar bu bayramın yalnız onun keçirildiyi regionda deyil, həmçinin bütün dünyada artan önəminin tanınmasının ən bariz nümunəsidir. “Min illər boyu, günəşin ekvatoru keçməsi və şimal yarımkürəsinin yaz fəslinə qədəm qoyması ilə Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionların xalqları özlərinə məxsus adət-ənənələrlə Novruz Gününü bayram edirlər. Evlərin yenidən rənglənməsi, dost-tanışların ziyarət edilməsi, simvolik yeməklərin hazırlanması kimi ayin və adətlərin yerinə yetirilməsi yenilənmə ruhu ilə zəngindir və bu, yalnız bu bayramı qeyd edənlərə deyil, bütün insanlara ilham verərək ruhlandıra bilər. Bu il ilk dəfə olaraq Beynəlxalq Novruz Gününü qeyd edirik. Ümid edirəm ki, dünyadakı bütün dövlətlər və xalqlar bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında olan harmoniyanı və xeyirxahlıq ideyalarını təbliğ edəcəklər”. Xatırladaq ki, BMT Baş Assambleyası bu il fevralın 23-də 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
19:19 16/03 | 91 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
BMT-nin baş katibi Beynəlxalq Novruz Günü ilə bağlı müraciət etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun