Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi
Parlamentdə Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyətinə həsr olunan hesabatın müzakirələri başa çatıb.
İclasda ilk olaraq Milli Məclisin spikeri Oqtay Əsədov çıxış edib. Spiker Azərbaycan iqtisadiyyatında böyük inkişafın müşahidə edildiyini, iqtisadiyyatda özəl sektorun payının artdığını, ölkəyə xarici investisiya qoyuluşunun həcminin çoxaldığını bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan ümumdünya maliyyə böhranından kənarda qalıb. O.Əsədov Nazirlər Kabinetinin hər il Milli Məclisə təqdim etdiyi hesabatın yüksək səviyyədə hazırlandığını bildirib. Parlamentdə hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu keçib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. A.Rasizadə qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 9,3% artaraq 34 mlrd. manat, orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat, orta aylıq əmək pensiyası isə 104 manat təşkil edib. Ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz bəndi azalaraq 11%-ə enib, respublikada 75 minə yaxın yeni iş yeri açılıb. Baş nazir əlavə edib ki, ötən il dövlət büdcəsinin gəlirləri 10,3 mlrd. manat, xərcləri isə 10,6 mlrd. manat olub. Ötən il 2100 sahibkara dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər verilib, ilk dəfə rekord səviyyədə - 50 mln. ton neft hasil olunub, sənayedə məhsul istehsalının artımı 8,6% təşkil edib. Ötən dövr ərzində dövlət büdcəsindən ölkənin müdafiə imkanlarının yüksəldilməsi üçün hərbi sənaye kompleksinin inkişafına 500 mln. manatdan artıq investisiya yatırılıb. Hesabatın təqdimatından sonra müzakirələr başlayıb. Müzakirədə millət vəkili Hadı Rəcəbli hökumətin 2009-cu ildə fəaliyyəti ilə bağlı hazırlanan hesabatı məqbul hesab edib. Deputat bildirib ki, Azərbaycan MDB-də əlilləri avtomobil və mənzillə təmin edən ilk dövlətdir: «Azərbaycan əhalinin sosial müdafiəsi sahəsində böyük uğurlara nail olub». Millət vəkili Fazil Mustafa hökumətin fəaliyyətini tənqid edib. O, Azərbaycanın ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunmamasına, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan üzrə hazırlanmış hesabata münasibətini bildirib. Millət vəkili Azərbaycanın bu hesabata cavab verməsi tələbini irəli sürüb: “Dövlət Departamentinin 2008-ci il hesabatında Azərbaycanda olan narkoman tələbələrin sayını 200 min nəfər, 2009-cu il hesabatında isə 300 min nəfər qeyd edib. Belə getsə, Dövlət Departamenti növbəti il üçün hazırlanan hesabatında Azərbaycanda 400 min tələbənin narkoman olduğunu göstərəcək. Buna Azərbaycan hökuməti hökmən cavab verməlidir. Bu o demək deyil ki, Azərbaycanda narkoman yoxdur, var». F.Mustafa daha sonra Gürcüstanda dövlət məmurlarının narkoloji testdən keçdiyini və bu təcrübənin Azərbaycanda tətbiq edilməsinin vacibliyini vurğulayıb. Müzakirələrdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev də hökumətin fəaliyyətini tənqid edib. O, hökumətin iclasında güc nazirliklərinin başçılarının iştirak etməməsinin səbəbini soruşub, həmçinin orduda cinsi təcavüz hallarının artığını qeyd edib: «Müdafiə Nazirliyinin nə işlə məşğul olduğunu anlaya bilmirəm». Bundan başqa, Q.Həsənquliyev ABŞ-ın Azərbaycana yeni səfir təyin etməməsini bu dövlətin Azərbaycana mənfi münasibətinin göstəricisi olduğunu bildirib, ölkədə repetitorluğun ləğv edilməsi təklifini irəli sürüb. Millət vəkili Pənah Hüseyn isə 450 səhifəlik hesabatda Qarabağla bağlı bir cümlənin belə olmadığını qeyd edib. Deputat hesab edir ki, hazırlanan hesabatdakı bütün rəqəmlər şişirdilib: «Hökümət istefaya getməlidir». Qeyd edək ki, müzakirələrdən sonra 2009-cu il üzrə hazırlanan hesabat parlament tərəfindən təsdiqlənib.
18:35 16/03 | 43 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun