"2009-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb"
Bunu Baş nazir Artur Rasizadə hökumətin 2009-cu ildə sosial-iqtisadi inkişafı haqqında hesabatla çıxışında belə deyib.
“Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb”. Milli Məclisin bugünki iclasında Baş nazir Artur Rasizadə hökumətin 2009-cu ildə sosial-iqtisadi inkişafı haqqında hesabatla çıxışında belə deyib. O, qeyd edib ki, hökumətin fəaliyyəti böhranın mənfi təsirinin qarşısının alınmasına, pul-kredit siyasətinin gücləndirilməsinə, əhalinin sosial müdafiəsinə yönəlib: “Azərbaycanın iqtisadiyyatı möhkəmliyini, iqtisadiyyatın müxtəlifləşdirilməsinə doğru təmayül nümayiş etdirib”. Onun sözlərinə görə, 2009-cu ildə nominal ÜDM 34,6 milyard manat, real artım 9,3 faiz təşkil edib. Qeyri-neft sektorunun artımı 3,2 faiz, inflyasiya 3,2 faiz təşkil edib. Ölkədə orta aylıq əmək haqqı 8,6 faiz artaraq, təxminən 298 manat, təqaüdlərin orta səviyyəsi 100,4 manat təşkil edib. 654 min nəfər ünvanlı sosial yardım alıb, bu, 180 milyon manat təşkil edib. Yoxsulluq səviyyəsi 11 faizədək azalıb. 2009-cu ildə regionların inkişafı üçün dövlət büdcəsindən 1,5 milyard manat ayrılıb. Əlillərə ötən il 2007 mənzil ayrılıb, 2 reabilitasiya mərkəzi tikilib, 500 avtomobil verilib. 2009-cu ildə dövlət büdcəsinin gəliri 10,3 milyard manat, xərcləri 10,6 milyard manat təşkil edib. Azərbaycanın strateji valyuta hesabatları 1,8 milyard dollar artıb və Azərbaycan Dövlət Neft Fondunun aktivləri nəzərə alınmaqla, 20 milyard ABŞ dolları təşkil edib. Bu zaman valyuta aktivlərinin idarə edilməsindən gəlirlər ötən il 430 milyan dollar təşkil edib. Dövlət borcu üzrə ödəmələrə 287,7 milyon dollar sərf edilib. 2009-cu ildə Milli Sahibkarlığa Yardım Fondu 2100 sahibkara 130 milyon manat ayırıb. 2009-cu ildə neft hasilatı 50 milyon tondan artıq olub. Ötən il qaz istehsalı 23,6 milyard kubmetr təşkil edib ki, bu da 2008-ci il ilə müqayisədə 300 milyon kubmetr çoxdur. Gürcüstana qaz ixracı artıb, İrana qaz verilməsi üzrə danışıqlar aparılır, Rusiyaya qaz ixracına başlanılıb. Baş nazir qeyd edib ki, ötən il nəqliyyatla daşımaların artımı 3,7 faiz, sərnişin daşımaları 6,9 faiz təşkil edib. 930 yeni avtobus, 15 metro vaqonu alınıb, 700 km-dən çox avtomobil yolu təmir edilib. Ötən il rabitə və telekommunikasiya həcmi 13,5 faiz artıb. Bu sahədə investisiyalar 142,2 milyon manat təşkil edib. A. Rəsizadə həmçinin müdafiə sənayesi məsələsinə toxunub. O xatırladıb ki, ölkə prezidenti dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini ifadə edib. O, sülh danışıqları nəticə verməsə, məsələnin hərbi yolla həlli mümkünlüyünü də istisna etməyib. Bunun üçün ölkənin müdafiə qabiliyyətinin artırılması, habelə müasir hərbi texnika ilə təmin edilməsi, sərhədlərin möhkəmləndirilməsi və s. tələb olunur. Baş nazir xatırladıb ki, müdafiə sənayesinin inkişafına 500 milyon dollar investisiya qoyulub. Nəticədə ölkədə 350-dən çox adda müdafiə avadanlığı istehsal olunur. Onun sözlərinə görə, 28 ölkə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
16:29 16/03 | 134 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
"2009-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb" | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun