Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada “Soyqırımı memorial kompleksi” ucaldılacaq
Kompleks erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında törətdikləri kütləvi etnik təmizləmə və təcavüz nəticəsində bir çox bölgədə qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə həsr olunur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərindəki kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi” ucaldılacaq. Fondan verilən məlumata görə, kompleks erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında törətdikləri kütləvi etnik təmizləmə və təcavüz nəticəsində bir çox bölgədə qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə həsr olunur. “XX yüzilliyin ən faciəli soyqırımları əsrin əvvəlində Azərbaycanın bir çox bölgəsində törədilib. Bu zaman on minlərlə insan erməni vəhşiliyinin qurbanı olub, doğma yurd-yuvasından didərgin düşüb, bir çox yaşayış məskəni yerlə yeksan edilib. Soyqırımı faciəsini yaşayan bölgələrdən biri də Quba şəhəri və ətraf kəndləri olub. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımında 122 kənd tamamilə dağıdılıb. Qanlı qətliamda xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgi, yəhudi, tat və digər milli azlıqlara mənsub olan minlərlə insanın zorakılığa məruz qaldığı aşkar edilib. Bu gün Quba şəhərindəki kütləvi məzarlıqda qanlı soyqırımı qurbanlarının narahat ruhları uyuyur. Burada ucalacaq “Soyqırımı memorial kompleksi” erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, eləcə də gənc nəsillərin milli yaddaşının qorunması məqsədilə yaradılır”, - deyə fondun məlumatında bildirilir. Məlumatda o da qeyd olunur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Bu istiqamətdə dünya təcrübəsindən bəhrələnən mütəxəssislər “Soyqırımı memorial kompleksi”nin bir neçə eskiz layihəsi üzərində son tamamlama işləri aparırlar.
17:40 15/03 | 83 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada “Soyqırımı memorial kompleksi” ucaldılacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun