Mahmud Əhmədinejad ABŞ-i “ikili oyun“ oynamaqda günahlandırdı
"ABŞ özünün yaratdığı terrorçularla mübarizə iddiası ilə Əfqanıstanda ikili oyun oynayır. NATO Əfqanıstana sülh gətirə bilməz".
Bu bəyanatla Kabildə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. Qeyd edək ki, İran prezidenti əfqanıstanlı həmkarı Həmid Kərzainin dəvəti ilə Kabildə rəsmi səfərdədir. 2005-ci ildə hakimiyyətə gəlməsindən bəri ikinci dəfə Əfqanıstana rəsmi səfər edən Mahmud Əhmədinejad yola düşməzdən əvvəl Tehranda jurnalistlərə müsahibəsində bu səfərin regionda baş verən hadisələrlə əlaqədar mühüm əhəmiyyət daşıdığını bəyan edib. “İranın region dövlətlərinin köməyi və işğalçıların buradan çıxarılması ilə regional məsələlərin həlli ilə bağlı bəzi təşəbbüsləri var. Buna görə də, bu danışıqları gücləndirmək və mühüm qərarlar vermək vacibdir”, - deyə o bildirib. Əhmədinejad Kabildə Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bəyan edib ki, NATO Əfqanıstana sülh gətirə bilməz. O,eyni zamanda İranın da Əfqanıstanda təhlükəsizlik məsələsində heç bir rol oynamadığını qeyd edib. İran prezidentinin sözlərinə görə, əsas həll yolu vəziyyətə qanuni Əfqanıstan hökumətinin nəzarətindən ibarət olmalıdır. “Biz əcnəbi silahlı qüvvələrin mövcudluğunu Əfqanıstanda sülhün bərqərarı üçün həll yolu hesab etmirik. İran hər zaman Əfqanıstanda təhlükəsizliyin təminatında bu hökumətin və xalqın tərəfində olub. ABŞ özünün yaratdığı terrorçularla mübarizə iddiası ilə Əfqanıstanda ikili oyun oynayır. NATO Əfqanıstana sülh gətirə bilməz”, - deyə İran prezidenti qeyd edib.
Mahmud Əhmədinejadın bu səfəri Birləşmiş Ştatların müdafiə naziri Robert Qeytsin Əfqanıstana səfərini başa vurduğu vaxta təsadüf edib. Robert Qeyts də öz növbəsində rəsmi Tehranı ittiham edib. O, İranı ikili oyun oynamaqda ittiham edib.
İran prezidenti ölkəyə səfər etdiyi bir vaxtda isə Əfqanıstanın şərqindəki Paktika vilayətində partlayış baş verib. Yerli polis məntəqəsi qarşısında avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb. Əfqanıstan prezidenti iranlı həmkarı ilə danışıqlardan sonra ən mühüm problemlərin müzakirəsini regionun digər mühüm ölkəsi olan Pakistanla davam etdirəcək. Həmid Kərzai Pakistan rəhbərliyi ilə danışıqlarda iqtisadi əlaqələrin genişləndirilməsi, Əfqanıstandan keçməklə Tacikistandan İranadək olan dəmiryolu xəttinin inşası məsələlərini müzakirə edəcək.
15:52 10/03 | 37 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Mahmud Əhmədinejad ABŞ-i “ikili oyun“ oynamaqda günahlandırdı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun