ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın enerji naziri ilə görüşdü
Bu gün Azərbaycan Dövlət Nefti Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Böyük Britaniyanın enerji naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNŞ-dan verilən məlumata görə, iki ölkə, eləcə də Azərbaycan və Britaniya şirkətləri arasında yüksək səviyyəli münasibətlərin yarandığını vurğulayan R.Abdullayev ölkədə xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığını bildirib və qeyd edib ki, bütün xarici tərəfdaşlar kimi Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında işgüzar münasibətlər yaranıb və bu, enerji sahəsində tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Öz növbəsində, Böyük Britaniyanın enerji sahəsində planlaşdırılan işlərdən danışan L.Hunt Xəzər dənizinin enerji ehtiyatlarının, xüsusilə təbii qazın Avropaya nəqli istiqamətində Azərbaycanda görülən işlərlə maraqlanıb. Son illər Azərbaycanda qaz hasilatının artırılması və qazın nəqli sahəsində həyata keçirilən enerji layihələri haqda qonaqlara məlumat verən ARDNŞ prezidenti qısa müddətdə neft-qaz ixracı marşrutlarının diversifikasiyasına nail olunduğunu xüsusi vurğulayıb və qeyd edib ki, hazırda Azərbaycanda hasil olunan təbii qaz 4 ölkəyə (Gürcüstan, Türkiyə, Rusiya və İran) ixrac olunur, müəyyən həcmdə qaz isə Türkiyədən Yunanıstana nəql edilib. Azərbaycan təbii qazının Avropaya nəqli perspektivlərinə toxunarkən «Cənub Enerji Dəhlizi» layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edən R.Abdullayev «Nabucco», Türkiyə-Yunanıstan-İtaliya və Trans-Adriatik boru kəmərləri layihələri üzrə tərəfdaşlarla səmərəli iş aparıldığını bildirib. R.Abdullayev «Şahdəniz» layihəsinin işlənilməsinin II fazasına hazırlığın qrafikə uyğun davam etdiyini, Bolqarıstan və Rumıniya ilə sıxılmış qazın ixracı ilə bağlı memorandumlar imzalandığını da nəzərə çatdırıb. Qeyd edək ki, görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
15:12 03/03 | 158 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın enerji naziri ilə görüşdü | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun