SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
TQDK sədri:“Hansısa məmurun və ya ictimai xadimin heç bir elmi araşdırmaya əsaslanmayan çıxışı bizim üçün əsas ola bilməz”MÜSAHİBƏ
"Bizim məqsədimiz seçim aparmaqdır ki, yaxşıların arasından ən yaxşısını seçək. Düzdü, müəyyən halda biz görürük ki, yaxşıların arasında ən yaxşısını yox, pislərin arasında babatını seçmək məcburiyyətindəyik".

Bunu Antenn.az -a müsahibəsində TQDK sədri Məleykə Abbaszadə bəyan edib.

-Məleykə xanım, keçən il orta məktəblərdə mərkəzləşmiş qaydada test-buraxılış imtahanları keçirildi və TQDK-nın ictimaiyyətə açıqlamasından bəlli oldu ki, XI sinfi bitirən şagirdlərin 22%-i attestat ala bilməyib. Sizcə, builki imtahanların nəticələrindən irəliləyiş gözləmək olarmı?
 
-Mən bu haqda heç nə deyə bilmərəm. Çünki bu, mürəkkəb bir prosesdir-atestat almaq və ya almamaq hüquqi prosesdir. Amma qeyd edim ki, buraxılış imtahanlarının səviyyəsi, məqsədi bizim imtahanların məqsədi ilə eyni deyil. Buraxılış imtahanının məqsədi ondan ibarətdir ki, standart biliklərə malik olan uşaqlar hüquqi sənəd alsınlar və o standartlar orta səviyyədə olan standartlardır. Təbii ki, müəyyən faiz uşaq orta standartlara uyğun deyil. Normal inkişaf etmiş təhsil sistemində yaxşı nəticə əldə etməyən uşaq 4-5% olmalıdır. Bizdə olan 22% isə göstərir ki, demək, bu illər ərzində mənimsəmə prosesi, tədris prosesi elə də yaxşı olmayıb. Bu yalnız uşaqların günahı deyil, təbii ki, burda müəyyən mürəkkəb proseslər var. Bu prosesləri araşdırmaqla isə biz yox, Təhsil Nazirliyi, Təhsil problemləri üzrə İnstitut və müvafiq elmi qurumlar məşğul olmalıdırlar.
 
-Məleykə xanım, 2009-2010-cu il üçün qəbul imtahanlarının elmi-statistik nəticələrinə həsr olunan mətbuat konfransında maraqlı faktlar açıqlamışdınız. Bildirmişdiniz ki, builki qəbul imtahanlarında abituriyentlərin 62,8%-i qəbul imtahanlarında 0-200 arası bal toplayıb.
Sizin fikrinizcə, bu gün orta təhsil pilləsində əsas çatışmayan şey nədir ki, abituriyentlər bu qədər aşağı nəticə göstərirlər?

-Burda müxtəlif səbəblər var. Neçə illərdir ki, biz araşdırmalar aparırıq və onu qeyd edirik ki, ali təhsil almaq istəyənlərin arasında 40%-ə qədər uşaq 0-100 bal arasında nəticə göstərir. Nə üçün onların belə aşağı bal toplaması müzakirə olunur. Səbəblər çoxdur və müxtəlifdir. Bundan əlavə hər fənnin tədrisinin də öz yaralı yeri var. Ona görə də, mən indi hansısa bir fənnin fonunda danışsam bu, düzgün olmaz. Gəlin, bu məsələni ümumiləşdirməyək, əksinə, qoy bunu mütəxəssislər mütəxəssislərlə müzakirə etsinlər. Bu, çox vacib bir prosesdir. Yeri gəlmişkən, mən ondan daha vacib olan bir məlumatı ictimaiyyətin bilməsini istərdim. Bu gün bütün dünyada 15 yaşlı uşaqlar arasında biliyin qiymətləndirilməsinin aparılması ilə bağlı bir layihə var -PISA layihəsi- və Azərbaycan da bu layihəyə qoşulub. Həmin bu layihənin nəticələri bizə gələcəkdə elmdə, iqtisadiyyatda və digər sahələrdə hansı nəticələr əldə edə biləcəyimiz barədə indidən xəbər verir. Fikrimcə, bu məsələ bizi daha çox narahat etməlidir. Yaxşı olar ki, bu problemlərə bir az qlobal şəkildə yanaşaq.

-Repetitorlara münasibətiniz... Sizcə, şagirdin məktəbdən almalı olduğu biliyi repetitor yanında alması nə qədər düzgündür?

-Repetitor məsələsi belədir ki, bütün dünyada, yəni rəqabətin, müsabiqənin olduğu yerdə təhsil sistemində repetitor həmişə olub və var. Əgər valideyn öz övladına lazımi diqqəti ayıra bilmirsə, onu idarə edə bilmirsə, o zaman o, müəyyən funksiyalarını repetitora tapşırır. Mən inanmıram ki, bütün valideynlər uşaq məktəbə gedəndə hər gün onun dərsləri ilə maraqlanır, hər gün onun dərslərindəki çətinliyi onunla birgə araşdırırlar. Valideynlərin əksəriyyəti belə hesab edirlər ki, uşaq erkən yaşda olanda ona ancaq vaxtlı-vaxtında yemək vermək, vaxtlı-vaxtında yatırtmaq lazımdır. Amma onların inkişaf etməsinə o qədər də fikir vermirlər. Repetitorların tutulması təkcə məktəbin deyil, həm də valideynin günahıdır. Nə qədər ki, tələbat var, o qədər də repetitorlar olacaqdır və bu təbii bir prosesdir. Təbii ki, müəyyən məktəblərdə müəyyən fənlərin lazımi səviyyədə tədris olunmamasını heç kim inkar edə bilməz. Amma kütləvi proses oradan ortaya gəlir ki, bizim valideynlər, nədənsə, elə hesab edirlər ki, uşaqla kimsə - ya məktəbdə müəllim, ya da tutulan repetitor məşğul olmalıdır. Özləri öz uşaqlarına kifayət qədər vaxt ayırmırlar. Ona görə də yuxarı siniflərdə uşaqların problemləri yaranır. Bu vərdişlər uşaqda 15 yaşından yox, 3 yaşından başlamalıdır. Uşaqla mütləq məşğul olmaq, onu erkən yaşından inkişaf etdirmək lazımdır. Bu psixologiya elminin təsdiq etdiyi faktlardır. Bunu kimsə ortaya qoymayıb, bu, reallıqdır. Bizdə isə valideynlər arasında belə bir maraqlı “prestij” formalaşıb ki, yəni mən uşağımın ali məkəbə hazırlaşması üçün repetitor tutmuşam. Bir növ valideyn özü haqqında ətrafda yaxşı təəssürat yaratmaq üçün bunu edir, uşağı haqqında real fikirləşmir. Uşağı sevən valideyn uşaq anadan olandan onunla məşğul olmalıdır...

-Məleykə xanım, bu sualı nahaqdan vermədim. TQDK elə bir təhlil apara bilərmi ki, həmin təhlil bal toplayan abituriyentlərin neçə faizinin repetitor yanında, neçə faizinin məktəbdə hazırlaşmasını üzə çıxarsın?

-Biz lazımi qərərlar qəbul etmək üçün imtahanlarla araşdırma aparırıq. Amma, ümumiyyətlə, araşdırmalar aparmaq üçün bizim kifayət qədər elmi mərkəzlərimiz və kifayət qədər qeyri dövlət təşkilatlarımız var ki, onlar öz əsasnamələrində məqsəd kimi təhsildə araşdırma aparacaqlarını yazıblar. Qoy həmin mərkəzlər və təşkilatlar da həmin araşadırmanı aparsınlar. Bizim belə bir məqsədimiz yoxdu. Bizim vəzifəmiz odur ki, hazırlıqlı uşaqların arasından ən hazırlıqlılarını seçək. Bizim məqsədimiz seçim aparmaqdır ki, yaxşıların arasından ən yaxşısını seçək. Düzdü, müəyyən halda biz görürük ki, yaxşıların arasında ən yaxşısını yox, pislərin arasında babatını seçmək məcburiyyətindəyik. Ona görə də biz deyirik ki, hələlik təhsildə səviyyə aşağıdır.

- Sizə elə gəlmirmi ki, əgər uşaq məktəbdə lazım olan biliyi ala bilmirsə, o zaman o repetitor yanına getmək məcburiyyətində qalır. Axı əsl reallıq o deyil ki, valideyn uşağı ilə kifayət qədər məşğul ola bilmir deyə repetitor tutur...

- Reallıq başqadırsa, o zaman valideyn 1-ci sinifdə görəndə ki, məsələn, riyaziyyat müəllimi səviyyəli dərs apara bilmir, o, o zaman gəlib məktəbdən tələb edə bilər ki, niyə müəllim bu dərsi lazım olan səviyyədə aparmır. Bu keyfiyyəti valideynlər 1-ci sinifdən tələb etməlidirlər. Valideyn isə müəllimə deyir ki, “uşağımın başını sığalla, amma ona “5” yaz”. Bu məsələdə ancaq məktəb günahkar deyil, valideynin təsəvvüründə də hansısa dəyişikliklər baş verməlidir. Başqa bir misal - Biz appelyasiya zamanı belə hallarla çox rastlaşırıq - məsələn, bir çox ailələrdə aydındır ki, uşağın tərbiyəsi ilə ata məşğul olmur. Bu iş həvalə olunur anaya. Ana da düz 11 il ataya deyir ki, “uşaq yaxşı oxuyur”. Nəticədə məlum olur ki, bu 11 ildə həm valideyn həm də uşaq özünü aldadıb. Insan özü-özünü aldatmamalıdır, özünü dərk etməlidir -bax, əsl məsələ bundadır.

-Mətbuata açıqlamalarınızda dəfələrlə vurğulamısınız ki, imtahana salınan suallar ancaq orta məktəb proqramına uyğun olur. Amma bu yaxınlarda mətbuatda belə bir fikir əksini tapdı ki, TQDK-nın tərtib etdiyi suallar keçənilkindən çətindir. Bu məsələyə münasibətiniz.

-Nəticələr ətrafında elmi nöqteyi-nəzərdən müqayisə aparmağa biz həmişə hazırıq. Biz ,belə müzakirələri yalnız mütəxəssislərlə aparırıq. Həmin o çıxışlar ki, “çətin”dir, “asan”dır, nisbidir. Hansısa asan bir məsələ hansısa bir müəllim üçün çətin gəlir. Amma o necə müəllim olub, necə ali məktəbə qəbul olub, necə bitirib-biz bunları araşdırmırıq axı. Amma elm tələb edir ki, əgər kimsə deyirsə, “bu çətindir” və ya “bu asadır”, biz gərək elmi araşdırma aparaq ki, bu insanın, ümumiyyətlə, bilik səviyyəsi nədir. Hər kəs deyə bilməz ki, mən ekspertəm və mən bir ekspert kimi bunu belə qiymətləndirirəm. Biz apardığımız araşdırmaların hansı elmi metodlarla aparıldığını açıqlayırıq, hansı riyazi üsullardan istifadə ediyimizi bildiririk. Heç bir elmi araşdırma aparmayan insana isə elə gəlir ki, bu çətindir və o öz fikrini mətbuatda dərc etdirir. Biz demokratik bir cəmiyyətdə yaşayırıq və buna hazır olmalıyıq. Mən çox şadam ki, belə yazılar var, mən çox şadam ki, bu məsələyə belə diqqət cəlb olunur və mən çox şadam ki, proses gedir. Yəni, bizim verdiyimiz fakt katalizator kimi kimyəvi prosesi tezləşdirir. Demək, biz məqsədimizə nail olmuşuq - bu haqda insanlar düşünməyə başlayıblar. Insanlar düşünürlərsə, deməli ictimai şüur da dəyişəcək. Amma mən bir daha deyirəm, imtahanın keyfiyyətinə təsir edən müzakirələr yalnız mütəxəssislər arasında gedə bilər. Hansısa məmurun və ya hansısa ictimai xadimin çıxışı bu prosesə təsir edə bilməz. Hərənin öz ixtisası var. Sadə dillə desəm, mənim sözüm, bir riyaziyyatçı mütəxəssis kimi yalnız riyaziyyata aid seminarda keçə bilər, amma biologiyaya aid seminarda heç qəbul oluna bilməz, çünki mütəxəssis deyiləm.

- Qeyd etmişdiniz ki, bu il Gəncə şəhərində də qəbul imtahanı keçiriləcək. Bu barədə nə deyərdiniz?

-Biz, ümumiyyətlə, regional bölmələri yaradanda onu nəzərdə tuturuq ki, bizim imtahanlar regionlarda da keçirilsin. Əhali üçün bu daha rahatdır. İndiyə qədər qəbul imtahanları Bakı, Sumqayıt və Naxçıvanda keçirilib. Bu ildən isə Gəncədə də keçirməyə başlayacağıq və ola bilər ki, bu digər region da olsun. Hazırda o istiqamətdə iş aparırıq.

- Respublika Prezidentinin “Ali təhsil müəssisələrinə yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi barədə” fərmanı ilə əlaqədar nə deyərdiniz?

- Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev “Ali təhsil müəssisələrinə yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi barədə” yeni fərman verib. Bizə də həmin o fərmanda göstəriş verilmişdi ki, qəbul qaydalarında həmin fərmandan irəli gələn məsələləri həll etmək üçün müəyyən dəyişiklik edək. Biz də o dəyişiklikliyi etmişik. Bilirsiniz ki, indiyə kimi bizdə 2 təhsil forması var idi – ödənişli və dövlət ali məktəblərinə aid ödənişsiz. Yəni ölkədə maliyyə sisteminə görə, hər bir ali məktəb əvvəlcədən bilirdi ki, dövlət büdcəsindən nəzərdə tutulan plana əsasən ona müəyyən maliyyə vəsaiti ayrılacaq. Amma plan dolmayanda belə çıxırdı ki, dövlət maliyyəni ayırır, amma tələbə yoxdu. Bu da bir çox problemlər yaradırdı. Indi isə mexanizm belə olacaq – necə ki, keçən il hesab edək ki, planın 49%-i dövlət tərəfindən maliyyələşdirilirdi, yəni dövlət onsuz da bu pulu ayırırdı, amma özəllər istisna olmaqla konkret ali məktəblərə. Hər bir ali məktəb də ayrılan vəsait miqdarında öz işini qururdu. Artıq bu belə olmayacaq. Dövlət yenə də keçən ilki qədər maliyyə vəsaitini ayıracaq (keçən il təxminən 10 000 yer dövlət tərəfindən maliyyələşdirilib), amma o yerlər konkret ali məktəblərə verilməyəcək. O yerlər aid olacaq əmək bazarında daha çox tələb olunan ixtisaslara. Bu yerləri müəyyənləşdirəndə müəyyən nazirliklər ölkədə əmək bazarında olan indiki və gələcək 4 ildən sonrakı vəziyyəti hesablayıb, o proqnozu araşdırıb, bu il hansı ixisaslarda neçə nəfərin ödənişsiz oxuyacağını müəyyənləşdirib TQDK-ya verəcəklər. TQDK isə müəyyənləşdirəcək ki, bu qrantı almaq istəyən abituriyent nə qədər bal toplamalıdır. (Bu ilki təkliflər bizə martın 15-ə kimi bizə təqdim olunmalıdır.) Bunun nəticəsi nə ola bilər? Hər hansı bir ixtisası seçən zaman abituriyentlər biləcək ki, 4 ildən sonra hansı ixtisasa ehtiyac olacaq və onlar bu ixtisasları seçdikləri zaman bu qrantı qazana biləcəklər. Burda yenilik ondan ibarətdir ki, əgər həmin balı toplamış abituriyent hətta özəl ali məktəbi seçsə belə, onun qazandığı qrant həmin ali məktəbə yönəldiləcək. Beləliklə, ali məktəblərdə kontingent dəyişəcək, ola bilsin ki, ixtisaslar azalacaq və yaxud artacaq. Amma təbii ki, o ixtisaslar müasir iqtisadiyyatın tələblərinə uyğun olacaq. Bu dəyişikliklər uşaqların taleyinə o qədər də çox təsir göstərməsə də, onların ixtisas seçimindəki motivasiyanı dəyişməyə təsir göstərəcək.

-Bu ilki qəbul qaydalarına hansı dəyişikliklər edilib?

- Bu il üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilib. Belə ki, bu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilib, II ixtisas qrupunda isə ərəb və fars diləri xarici dil fənləri sırasından çıxarılıb.  III qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dilərindən birini seçə biləcəklər. Və əvvəlki illərdən fərqli olaraq Azərbaycan bölməsi üzrə III ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.

 
 - Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

                                                       

                                                                   Müsahibəni apardı:                                        Əzizə İsmayılova



11:03 01/03 | 1254 dəfə oxunub   2 qeyd yazılıb    Xəbəri çap et
TQDK sədri:“Hansısa məmurun və ya ictimai xadimin heç bir elmi araşdırmaya əsaslanmayan çıxışı bizim üçün əsas ola bilməz”MÜSAHİBƏ | Hesab Aç/Yarad | 2 şərh | Diskussiya Axtar
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

Re: TQDK sədri:“Hansısa məmurun və ya ictimai xadimin heç bir elmi araşdırma (Xal: 1)
Göndərən: igrufka 24.04.2010 Saat: 10:24
(İstifadəçi Məlumatları | Mesaj Göndər)

repetitor problemdi bu gun adi hal deyil!telebe qebulu uzre dovlet komissiyasinin sedridi prezidentidi bilmirem ay Meleyke xanim,bunu 5yashindaki ushaq da bilir ki,qebul ve tehsil sahesindeki yaradilan butun chetinliklerin daha deqiq-ilishdirmelerin sebebi Misir-Meleyke konfliktidi.reqabet yaxshi sheydi amma heddinde!!!!




Re: TQDK sədri:“Hansısa məmurun və ya ictimai xadimin heç bir elmi araşdırma (Xal: 1)
Göndərən: Nail-Celil 03.06.2010 Saat: 05:38
(İstifadəçi Məlumatları | Mesaj Göndər)

BİZ SİZİ BAŞA DÜŞÜRÜK, ELƏCƏ DƏ HÖRMƏTLİ TƏHSİL NAZİRİMİZ MİSİR MƏRDANOVU BAŞA DÜŞMƏYƏ ÇALIŞIRIQ. AMMA SİZN YALANÇI İSLAHATLARINIZ DAHA ÇOX MƏKRLİ OYUNA BƏNZƏYİR.




 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox MÜSAHİBƏLƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: MÜSAHİBƏLƏR:
TQDK sədri:“Hansısa məmurun və ya ictimai xadimin heç bir elmi araşdırmaya əsaslanmayan çıxışı bizim üçün əsas ola bilməz”MÜSAHİBƏ


Xəbər Səsverməsi
Ortalama Xal: 3.66
Toplam Səs: 3


Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur