SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Surxay Quliyev: "Ermənilər insanların başlarının dərisini vəhşicəsinə soymuşdular" MÜSAHİBƏ
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib.



Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.

Müsahibim Xocalı faciəsinin canlı şahidi, Dövlət Qaçqın Komitəsinin Xocalı rayonu üzrə məsləhətçisi Quliyev Surxay Qəmiş oğludur.

 Qeyd edim ki, O gecənin dəhşəti barədə danışmaq 64 yaşlı müsahibim üçün o qədər də asan olmadı. Odur ki, müsahibimin dediklərini olduğu kimi qələmə aldım. Nöqtəsinə, vergülünə toxunmadan...
 

- Surxay müəllim, o günü nəcə xatırlayırsınız?

- O günü çox yaxşı xatırlayıram və hər dəfə də xatırlayanda təzyiqim qalxır... Hər gün Xocalıda erməni ilə bizim aramızda atışma olardı. Atışma olmayanda biz narahat olardıq - yəni, atışma yoxdusa, deməli hücum var. Amma 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə... bu artıq atışma deyildi... bu, əsl soyqırım idi. Xocalı o zaman 3 böyük kənddən ibarət idi. Həmin gecə 366-cı polk Xocalıya hər tərəfdən hücum etdi. Gecə saat təxminən 11-in yarısı, 11-də, bax, bu dəhşətli hücum başladı. Tanklar gəlirdi, onlar dar yolları dönmürdü, ikimərtəbəli binaların bir tərəfindən girib, o biri tərəfindən çıxırdılar. Artıq biz hiss elədik ki, bu elə-belə atışma deyil hücumdur. Gecə saat 2-nin yarısınacan camaat dözdü. Bir əsgər, bir erməni yox idi ki, biz ona güllə ataq, ancaq üstümüzə ağır zirehli texnika irəliləyirdi. Biz o gecənin ola biləcəyini heç fikirləşməmişdik... çıxmaq barədə fikrimiz olmamışdı ki, bilək çıxanda hardan çıxaq, necə çıxaq, qadınları-qızları necə müdafiə edək. Yəni heç bir planımız yox idi. Bizi həmişə Ağdam tərəfdən rasiya ilə arxayın edirdilər ki, narahat olmayın, sizi darda qoymayacağıq, sizə köməyə gələcəyik. Əvvəlki günlər, biz sayırdıq, Şuşadan Xankəndinə 80-100 qrad mərmisi atırdılar. Həmin gecə bir dənə də olsa Şuşadan Xankəndinə mərmi atılmadı. Kosalardan bir top atdılar, sonra onun da səsi kəsildi. Ümumiyyətlə, camaat pərakəndə şəkildə, hərə hara gəldi qaçmağa başladı. Bilirsən ki, qabağındakı ermənidi və qıra-qıra gəlir,... daha qaçmaqdan başqa yolumuz qalmadı. Xocalı hər tərəfdən erməni əhatəsində idi. Gecə saat 2-yə kimi biz artıq kəndi tərk etdik. Mən və oğlum 600-700 nəfərlə meşə yolu gəldik. Ata-oğul bizim ikimizə bir avtomat verilmişdi. Vəziyyəti belə görəndə mən oğlumun əlindən avtomatı aldım və dedim ki, “bala, sən camaata qoşul get, mən də gəlirəm...”. Nə isə, biz Abdalgülablı yolu ilə erməni kəndinin ətrafına çatmışdıq ki, atışma başladı... İrəlidəkilərdən atışan atışdı, arxadakı dəstə isə qorxudan geri çəkildi. Çünki ora bizim ərazi deyildi. Biz bilmirdik ki, üzü hansı tərəfə getsək Ağdama çıxacağıq...

 La ilahə illəllaha tərəf getdik...
 
Meşədə güllə atılanda bilmirsən axı hansı tərəfdən atılır. Eləcə əks səda verir. Biz 25 nəfər bir qayaya söykənib qaldıq. Artıq patronumuz olmadığından fikirləşdik ki, bir-birimizə atəş açaq ki, erməniyə əsir düşməyək, amma kimsə buna risq etmədi. 1 nəfər öldü, 3 nəfər isə yaralandı. Gördük başqa çıxış yolu yoxdu həmin qayadan özümüzü tulladıq. Qaya sıldırım qaya idi amma quzey olduğundan o qədər qar yağmışdı ki, o qar bizi demək olar ki, yaralanmadan qurtardı. Elə dərənin dibinə çatmışdıq ki, gördük bizi çağırırlar. Əvvəl tərəddüd elədik ki, yəqin ermənilərdi, azərbaycan dilində çağırırlar. Fikirləşdik ki, yenə erməniyə tuş gəldik. Elə bu vaxt gördük ki, o tərəfdən “la ilahə illəllah” deyirlər. Bildik ki, bu artıq bizimkilərdi. Erməni bunu deyə bilməz. Həmin səs gələn tərəfə gedəndə gördük ki, həqiqətən bizimkilərdi və bura Abdalgülablıdı.
 
Böyük qardaşımın 12 nəfərlik ailəsi şəhid oldu...
 
Elə burda məlum oldu ki, oğlum qalıb meşədə. Əvvəl elə bildik məhv olub, amma Allahdan sağ-salamat gəldi. Böyük qardaşımın (bu yerdə müsahibim göz yaşlarını saxlaya bilmir) 12 nəfərlik ailəsinin 12-də şəhid olub- özü, həyat yoldaşı, 2 oğlu, 4 nəvəsi, 1 qızı 2 yeznəsi, bir sözlə hamısı...
 

- Surxay müəllim, ermənilər fevralın 25-nə kimi kifayət qədər vəhşiliklər törətmişdilər. O zaman Siz belə bir hadisənin ola biləcəyini gözləmirdinizmi?

-Heç vaxt gözləmirdik. Düşünürdük ki, insan hücumu olar, onlar bizi vurar, biz onları vurarıq. Amma texnika ilə belə bir hücumu biz gözləmirdik.

- Onlar Xocalıdan əvvəl hara hücum etmişdilər?

- Əvvəlcə Meşəli camaatını qırdılar, yandırdılar. Sonra Malıbəyli ilə Quşçular - 2 kəndi birdən çıxartdılar. Xocalı qaldı Əsgəranla Xankəndinin arasında. Onlar elə bilirdilər ki, bizdə elə silahlar var ki, bir gecədə Xankəndini dağıdarıq. Bizdə isə olan avtomat, pulemyot idi. O texnikanın qabağında belə silahla nə edə bilərdik ki?! Biz bilirdik ki, bizə də hücum olacaq. Amma o ki Ağdamnan bizi arxayın salırdılar ki, qorxmayın... Camaat qırılırdı, deyirdilər “qorxmayın!”. Biz bilsəydik ki, belə bir şey başımıza gələcək, o zaman elə hərəkət edərdik ki, 600 nəfər qırılmazdı, 200 nəfər qırılardı.

- Sizin fikrinizcə, həmin gecə dünyaya göz açan xocalılar bu gün o gecənin mahiyyətini dərk edə bilirlərmi?

- Bu barədə o qədər demişik ki, bu hadisənin mahiyyətini onlar bizdən yaxşı bilir. Hər Xocalının evində o faciənin izi var. Məsələn, əgər ordan salamat gələn mənəmsə, mənim qabırğamın arasında hələ də avtomat gülləsi var. Əhd eləmişəm əgər sağ qalsam, salamat getsəm o gülləni Xocalıda çıxartdıracam. Düzdü, o uşaqlar oraları görməyiblər, amma biz gördüklərimizi onların beyninə yazırıq.

-Surxay müəllim, neçə illər ermənilərlə bir kənddə yaşamısınız. O zaman münasibət necə idi?

- Çox yaxşı. Mən şəxsən 10 il bir erməni kəndində həkim işləmişəm. Qorbaçov gələndən sonra belə bir hadisə başladı. Əvvəl belə şey yox idi.

- Ermənilərə əsir düşən xocalılardan 18 ildə kiminsə geri döndüyünü eşitmisinizmi?

-Yox... bizdə əsir düşənlərin adları heç Qırmızı Xaç Cəmiyyətinin siyahısında da yoxdu. Mən cavanlıqda bir kitab oxumuşdum-Ləpirçi. Ilk dəfə orda mən oxumuşdum ki, insanın başının dərisini çıxarmaq olarmış. Ermənilər onu da etdilər. Ermənilər insanların başlarının dərisini vəhşicəsinə soymuşdular.

- Xocalılardan müsahibə almaq istəyəndə əksəriyyəti bu haqda danışmaq istəmədiyini bildirir. Sizcə niyə?

- Bilirsinizmi, elə 18 ildi eyni şeydi. Eyni şeyi nə qədər demək olar? 18 ildi eyni şeyi deməyə adam utanır. Həqiqətən utanır.

-Xocalıdan çıxanda neçə günə qayıdacağınızı düşünmüşdünüz?

-1 həftəyə. Biz Ağdamda durub gözləyirdik. Sonra Ağdamı ki, atəşə tutdular biz məcbur olduq bu tərəfə gələk. Inanın, mən Ağdamda qaynımgilə yerləşmişdim, səhər durdum gördüm ki, yoxdular.

- Xocalıya qayıtmağa ümidiniz var?

-Ümidim olmasa, mən çoxdan ölmüşdüm. Həmişə deyirəm ki, Xocalı alınanda qar olmasa, ayaqyalın Əsgərandan Xocalıya gedəcəm. Amma qar olsa, inanmıram bu yaşda dözə bilərəm. Mənim bütün əzizlərimin qəbri ordadı, mən orda doğulmuşam... Vətən ayrı şeydi.

-Sizi ən şox incidən nədi?

-Vətənsizlik və... Gündə bir söz eşidirsən. Birdən elə şey deyirlər ki, qılınc yarasından ağır olur. Biri deyir, “yerlərini qoyub qaçdılar”, biri deyir, “atalarının qəbrini qoyub qaçdılar”...Onlar erməni görməyib...Xocalı barədə gərək belə şey deyilməyə axı... Axı, baxın ki, 4 saatın içində 613 nəfər öldürüldü. 8 ailə yerlə yeksan oldu. Nə qədər insan şir-şikəst oldu. Hamımızın evində dərd var. Belə sözləri eşidəndə nə çəkdiyimi sözlə demək çox çətindi.

-Çox sağ olun.


Allahdan Xocalı şəhidlərinə rəhmət diləyi ilə                                                        Əzizə İsmayılova






10:13 23/02 | 581 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Surxay Quliyev: "Ermənilər insanların başlarının dərisini vəhşicəsinə soymuşdular" MÜSAHİBƏ | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox MÜSAHİBƏLƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: MÜSAHİBƏLƏR:
TQDK sədri:“Hansısa məmurun və ya ictimai xadimin heç bir elmi araşdırmaya əsaslanmayan çıxışı bizim üçün əsas ola bilməz”MÜSAHİBƏ


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur