Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 5-də Münhen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrində iştirak edib.
APA-nın məlumatına görə, hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunur.
Azərbaycan prezidenti dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, deputatların, mütəxəssislərin, KİV təmsilçilərinin iştirak etdiyi bu nüfuzlu konfransın əsas tədbirlərindən olan “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrdə çıxış edib.
Dövlət başçısı hazırda enerji təhlükəsizliyi məsələlərinin dünyada böyük əhəmiyyət daşıdığını vurğulayaraq Azərbaycanın bu istiqamətdə atdığı addımlardan danışıb. Bildirib ki, neft hasil edən qədim ölkələrdən olan Azərbaycanda aparılmış düzgün siyasət nəticəsində nüfuzlu neft şirkətləri ilə irimiqyaslı layihələrin icrasına başlanılıb. 2007-ci ilədək qaz idxal edən Azərbaycan hazırda əsas qaz hasilatçılarından birinə çevrilir. Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb. Azərbaycan enerji daşıyıcılarının nəqlində şaxələndirmə məsələlərinə böyük önəm verir.
Prezident Azərbaycanda enerjidaşıyıcılarından əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Dövlət başçısı ölkənin iqtisadiyyatının inkişafına toxunaraq bildirib ki, böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirib. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9 faizdən çox artıb.
İ. Əliyev bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına ciddi maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb. Bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll oluna bilər.
Müzakirələrdə Almaniyanın RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman, Fransanın AREVA şirkətinin baş icraçı direktoru, xanım Ann Laverjon, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq, Rusiya Dövlət Duması sədrinin müavini Valeri Yazev mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonra Azərbaycan dövlət başçısı iştirakçıların suallarına cavab verib. |