BMT Təhlükəsizlik Şurasının bu günki iclasında Suriyada zorakılığın müzakirə olunacağı gözlənilir.
Fransanın BMT-dəki missiyası bu barədə məlumat yayıb. Verilən məlumata görə, qapalı iclasda Suriya ilə bağlı atılacaq növbəti addımlar və Mərakeşin təqdim etdiyi qətnamə layihəsi müzakirə olunacaq. Suriyada siyasi keçidə çağıran qətnamə layihəsində bu ölkəyə qarşı sanksiyaların tətbiqi yer almayıb. Həmin qətnamə layihəsində Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti vitse-prezidentə təhvil verməsi və növbəti iki ay ərzində seçki keçirmək üçün keçid birlik hökuməti formalaşdırması ilə bağlı Ərəb Ölkələri Liqasının çağırışına dəstək ifadə olunur. Təhlükəsizlik Şurasının gələn həftə isə Böyük Britaniya və Fransanın Qətər, Mərakeş, ABŞ, Almaniya və Portuqaliya ilə məsləhətləşmələr əsasında hazırladığı yeni qətnamə layihəsi ilə bağlı səsvermə keçirəcəyi gözlənilir. Bu qətnamə layihəsi isə Rusiyanın ötən ay təqdim etdiyi sənədi əvəzləyəcək. Rusiya Suriya böhranının dinc yolla həlli və danışıqlar tərəfdarıdır, Liviyada olduğu kimi hər hansı hərbi müdaxilənin əleyhinədir. BMT-nin insan haqları üzrə nümayəndəsi Navi Piley isə bəyan edib ki, təşkilat Suriyada artıq 5400-dən çox olan ölü sayını nəzarətdə saxlaya bilmir.