İranla İraq arasında gərginlik yaranıb.
Şimali İraq sərhədçiləri İranla sərhəddəki Hanakin kəndi yaxınlığında İran-İraq sərhədini keçməyə cəhd göstərən iranlı iki silahlı hərbçini həbs edib. Şimali İraqın Sərhəd Mühafizə İdarəsinin komandanı Serçil Əbdülkərim onlardan birinin zabit Daryuş Kərəmi, digərinin isə sıravi əsgər Abbas Əli Türk olduğunu bildirib. İraq rəsmisi İran hökumətinin onlarla dəfələrlə təmasa keçərək hərbçilərinin qaytarılmasını tələb etdiyini deyib: “Ancaq biz bu tələbi qəbul etmədik. Çünki bunların hansı səbəbdən silahlı olaraq sərhədi keçdiklərini öyrənməyimiz lazımdır. Onlar təcridxanada sorğusu tamamlanan kimi həbs olunublar. İranlı hərbçilərin azaraq yollarını itirdikləri və bilmədən sərhədi keçdikləri ilə bağlı ifadələri gerçəyi əks etdirmir. Çünki bu iki hərbçi İran Sərhəd Qoşunlarında xidmət etmirlər, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) bağlıdırlar. Bu da bizdə onların kəşfiyyat məqsədilə sərhədi keçdiklərinə dair şübhə yaradır. Hər halda xüsusi tapşırıqla bura gəldikləri açıq-aşkar ortadadır”.