“Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaq”.
Bu barədə Prezident İlham Əliyev ötən gün ölkəmizə rəsmi səfərə gələn Rusiya prezidenti Dmitri Medvedyevin şərəfinə verdiyi rəsmi ziyafətdə bildirib. Dövlət başçısı deyib ki, 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunub. İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan da söz açıb.
Prezident Dmitri Medvedev isə Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırıb və bildirib ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcək.
Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğulayıb və deyib: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcək”. |