Sentyabrın 2-də Azərbaycana rəsmi səfəri başlayan Dmitri Medvedev Bakıda ticari-iqtisadi, neft-qaz, hərbi-texniki sahədə əməkdaşlıq, Xəzərdə qarşılıqlı əlaqədər, eləcə də Dağlıq Qarabağ və İranla bağlı vəziyyəti müzakirə edəcək.
Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, səfər çərçivəsində dövlət sərhədi haqqında müqavilənin, eləcə də Samur sərhəd sayından rasional istifadə və su ehtiyatının mühafizəsi barədə hökumətlərarası sazişin imzalanması gözlənilir: “Müqavilə Rusiya, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsindən Xəzər dənizinədək dövlət sərhədinin keçdiyi xəttin möhkəmləndirilməsinə xidmət edəcək”. Sergey Prixodko əlavə edib ki, Rusiya Azərbaycanın sərhədlə bağlı müqavilə bağladığı ilk ölkə olacaq.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” holdinqi arasında əlavə razılaşmanın imzalanması gözlənilir. Sənəd 2011-2012-ci illərdə “Qazprom”un alacağı Azərbaycan qazının həcminin artırılmasını nəzərdə tutur. “Qazprom”un rəhbəri Aleksey Miller iyunda bəyan etmişdi ki, holdinq Azərbaycan qazında maraqlıdır və təklif olunan mavi yanacağın tam həcmini almağa hazırdır.
Qeyd edək ki, Azərbaycandan Rusiyaya qaz nəqli bu il yanvarın 1-dən başlanılıb. Əvvəlcə “Qazprom” bu il Azərbaycandan 0,5 milyard kubmetr qaz almağı planlaşdırırdı. Lakin sonradan şirkətlər bu həcmin iki dəfə artırılması barədə razılığa gəldilər. Rusiya 2010-cu ildə Azərbaycandan 1 milyard kubmetr qaz alacaq. 2011-ci ildə isə bu həcmin 2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. |