Məleykə Abbaszadə: "Oxuyan uşağın balının qabağında heç kim dura bilməz" MÜSAHİBƏ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Antenn.az -a müsanibəsi
Məleykə xanım, artıq qəbul imtahanları arxada qaldı. Builki imtahanların nəticələri bir komissiya sədri kimi Sizi qane etdimi?
Imtahanın nəticələri necə qiymətləndirilir – birinci, imahanın nəticələri elə qiymətləndirilir ki, imtahan necə keçibdir, təşkilati nöqteyi nəzərdən problemlər olub, yoxsa olmayıb, imtahan nəticələri vaxtı-vaxtında elan olunub, yoxsa olunmayıb – bu, bizim işimizi əks etdirən faktlardır. Bu nöqteyi-nəzərdən mən onu deyə bilərəm ki, imtahanlar tam normal şəkildə keçibdir və bu il yeniliklərdən biri o olubdur ki, biz ali məktəblərin 1-ci qrupdan olan imtahanlarını Gəncə şəhərində də keçirmişik. Gələcəkdə bu praktika genişlənəcək və biz, bütün qrupların imtahanlarını müxtəlif regionlarda keçirə biləcəyik. Bu baxımdan imtahanların nəticələri, təbii ki, bizi qane etdi, çünki biz imtahanların keçirilməsi ilə əlaqədar gözlədiyimiz keyfiyyəti əldə edə bildik. O ki, qaldı uşaqların bilik səviyyəsinə, əlbəttə uşaqların bilik səviyyəsi özünü ali məktəblər necə dolmasında əks etdirir. Çünki biz əvvəlcədən müəyyən edəndə ki, hansı qrupda 200 baldan, hansı qrupda 250 baldan aşağı uşaqlar müsabiqəyə buraxılır, biz, faktiki olaraq müəyyən edirik ki, bax, bu baldan aşağı nəticə göstərənlər “2” alıblar. “2” alanlar müsabiqədə iştirak etmirlər. Təbii ki, bunu (keçid balını-Ə.İ.) əvvəlcədən, imtahandan əvvəl müəyyən edəndə sınaq imtahanlarının nəticələrini nəzərə alırıq. Amma sınaq imtahanlarının nəticələri faktiki olaraq yalnız builki məzunların nəticələridir. Çünki sınaq imtahanlarında ən çox həmin ilin məzunları iştirak edir, onlar 1-ci dəfədir imtahana gedirlər. Biz, həmin o sınaq imtahanlarına əsasən əvvəlcədən müəyyən edə bilirik ki, bu ilki məzunlar hansı səviyyədə bilik nümayiş etdirə bilərlər. Ümumiyyətlə, biz gözləyirdik ki, orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanından keçən və müsbət nəticə göstərən məzunlar arasında 200 bala qədər nəticə göstərən çox az olacaq. Çünki 200 baldan aşağı nəticə abituriyentin “2” alması deməkdir. Bizim qəbul imtahanlarında istifadə etdiyimiz testlər isə standartlaşmış testlərdir və o testlər müsabiqə üçün yaranan testlərdir. Yəni hər fəndən ən sadə suallara cavab verən hər bir şəxs 200 bala qədər, hər halda 150 baldan yuxarı nəticə göstərməlidir. Təəssüflər olsun, gözlədiyimiz nəticə ilə rastlaşmadıq. Belə ki, 28.2% məzun 0-100 bal arasında nəticə göstərib ki, bu da bizdə narahatçılıq hissi yaradır. Düzdü, keçən illə müqayisədə bu rəqəm bir az azalıbdır, amma ümumiyyətlə standartlaşmış imtahan verənlər varsa, onların nəticələri nəzəri nöqteyi nəzərdən ayrı cürə paylanmalıdır. Faktlar isə onu göstərir ki, hələki, 49.8% uşaq 200 bala qədər nəticə göstəribdir. Dövlət hesabına ödənişsiz oxuyanların 41%-i 500-700 bal arasında, 51%-i 300-500 bal arasında, faktiki olaraq 400 baldan yuxarı nəticə göstərənlərdir.
Tələbələrin qruplar üzrə paylanması nə şəkildə aparılıb?
Qruplar üzrə isə 500-700 bal toplayanların 75%-i bütün qruplar üzrə ödənişsiz təhsil alacaq. 300-500 bal arasında nəticə göstərən uşaqların isə yalnız 30%-i ödənişsiz oxuyur. 200-300 bal arasında nəticə göstərənlərdən yalnız 5% (qabiliyyət tələb edən ixtisaslarda)ödənişsiz təhsil alacaq. 100-200 bal arasında isə, bu ümumiyyətlə yalnız qabiliyyət tələb edən ixtisaslardı, onlardan yalnız 37-38%-i ödənişsiz oxuyur. Ali məktəblərdə də onların nüfuzuna görə, yaratdıqları tədris mühitinə görə, uşaqlar elə paylanıb ki, ən nüfuzlu ali məktəbləri ən yüksək bal toplayan uşaqlar seçiblər. Məsələn, ən çox pulsuz tələbə kontingenti qazanan ali məktəb bu il Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır ki, burada 90% tələbə ödənişsiz təhsil alacaq. BDU-da 50%-dir, ADU-da 50%-dir, ADNA-da 50%-dən bir az çoxdu, amma burada elə ixtisaslar var ki, monopolistdir. Yəni yalnız həmin ali məktəbə məxsusdu. Özəl universitetlər arasında yeganə Qafqaz Universitetidir ki, yarıbayarı ödənişsizdir. Bu rəqəmlər açıq göstərir ki, müəyyən universitetlər əgər 50% ödənişsiz tələbə qəbul edə bilibsə, demək onlar əvvəlki nüfuzlarını saxlaya biliblər.
Məleykə xanım, bu ilin məzunları arasında aşağı bal toplayan abituriyentlərin neçə faizinin mərkəzləşmiş imtahandan əla, neçə faizinin orta qiymət alması barədə sizdə məlumat varmı?
Bəli, belə bir cədvəl bizdə var - attestat qiymətləri ilə indiki imtahanda göstərilən nəticə nə dərəcədə üst-üstə düşür. Qeyd edim ki, keçən ilki cədvəllə müqayisədə burada da müsbət istiqamətdə hansısa irəliləyiş görünür. Bu il 842 nəfər əlaçı məzun qəbul imtahanlarında iştirak edib və onlardan 534 nəfəri (63%) 500-700 bal arasında nəticə göstərməklə öz nəticəsini təsdiqləyib. Amma burda da 0-100 bal arasında 6 nəfər, 100-200 bal arasında 21 nəfər, 200-300 bal arasında 37 nəfər var. Orta atetestat balı “3” olanlar isə 1250 nəfər olub. Ondan 1070 nəfəri (85%) 0-100 bal, 149 nəfər (11%) 100-200 bal arası, 24 nəfər 200-300 bal arası, 7 nəfər isə 300-ə yaxın 300-500 arası nəticə göstərib. Attestat qiyməti “3” olanlar (1250 nəfər) arasında 1070 nəfərin 0-100 bal arasında nəticə göstərməsi, əlbəttə ki, mənfi nəticədir, çünki qiymət müsbətdir. Deməli, bu uşaqlar hamısı 100-200, yada 200-300 bal arasında nəticə göstərməli idilər. 300 baldan yuxarı nəticə göstərən 7 uşağın isə orta attestat balı müəyyən fənlərdən “3.5” bal olmalı idi. Attestat balı “əla” olanların isə 8-9%-i öz nəticəsini təsdiqləməyib. Qalanı isə 300-dən yuxarı nəticə göstərib ki, bu da yaxşı nəticədir. Bu nəticələri, biz, araşdırılması üçün Təhsil Nazirliyinə göndərəcəyik.
TQDK tərəfindən aparılan nəticələrlə orta məktəblərin buraxılış imtahanlarındakı nəticələr çox zaman üst-üstə düşmür. Bunun səbəbi ilə bağlı sualı cavablandıran Təhsil naziri Misir Mərdanov bildirmişdi ki, “bu imtahanların məqsədi eyni deyil. TQDK yaxşıların içindən yaxşısını seçir”. Fikrini də belə əsaslandırmışdı ki, “ölkədə hamı ali təhsil ala bilməz”. Siz isə bizə müsahibənizdə demişdiniz ki,”Biz yaxşıların içindən yaxşısını seçməliyik. Amma təəssüf ki, biz bəzən pislərin içindən babatını seçirik”. Bu iki fikrin kəsişməyən nöqtəsi hansıdır?
Təbii ki, müəyyən ixtisaslar var ki, biz yaxşıların içindən yaxşıları seçirik. Çünki müəyyən ixtisaslara meyllər elə çoxdur ki, ora çox yaxşı uşaqlar sənəd verirlər. Fikirlərin uzlaşmamasına gəlincə, bu fikirlər niyə uzlaşmırlar, biz hesab edirik ki, ümumiyyətlə, bu nəzəriyyədə də belədir ki, məqsədlər imtahanlarda fərqlidir. Təbii ki, onların imtahanları attestasiya imtahanıdır, attestasiya aparılır. Bəs müsbət “3” alan uşaq nə deməkdir? Bu uşaq 50 bal toplamalıdı, 100 bal toplamalıdı, yoxsa 200 bal toplamalıdı? Bizim fikrimizdə, bu uşaqlar hamısı 200 baldan yuxarı nəticə əldə etməlidir. Mən indi bununla əlaqədar daha ciddi araşdırmalar aparacam, bu hələ ilk rəqəmlərdir. Biz bununla əlaqədar Təhsil Nazirliyinə müraciət etmişik ki, onlar istifadə etdikləri testlərin və uşaqların o testlərə cavablarını, bizə təqdim etsinlər ki, biz baxaq görək onların orta attestat balı sayılan “3 bal” bizim testlərin hansı səviyyəsinə uyğundur. Bu araşdırmaları aparmağa həm Təhsil Nazirliyi, həm də biz maraqlıyıq. Biz maraqlıyıq ona görə ki, imtahanın çətinlik dərəcəsi indidən formalaşanda biz bilməliyik ki, orta səviyyəli orta məktəb məzunu nə deməkdir. Təhsil Nazirliyinə maraqlıdı ona görə ki, onlar bilsinlər ki, onların istifadə etdikləri qiymətləndirmə vasitələri doğurdanmı etibarlıdır, validdir? Onların etibarlılığı bizim imtahanlarda təsdiqlənir yoxsa yox? Ümumiyyətlə, bu nöqteyi nəzərdən bu iki istiqamətdə təbii ki, bir birimizə qarşılıqlı hərəkət olmalıdır. Bizə bu nəticələri araşdırmaq və nəticələri təqdim etmək düşür. Digər tərəf isə bir az ləngiyir, amma mən əminəm ki, bu nəticələr bizə təqdim olunacaq. Bundan əlavə Təhsil Nazirliyi hələ 2-ci iildir ki, kütləvi imtahalar keçirir. İmtahanların keçirilməsi və nəticələrinin elmi etibarlılığını müəyyən etmək üçün təşkilati məsələləri də düzgün qurmaq lazımdır. Məsələn, bizdə köçürmə halı olanda imtahan nəticələri o saat ləğv olunur, onların nəticələri heç bir elmi araşdırmalarda nəzərdə tutulmur. Təəsüflər olsun ki, biz, buraxılış imtahanların nəticələrini araşdırarkən deyə bilmərik ki, onlar elmi nöqteyi nəzərdən etibarlıdır. Çünki, orada köçürmə halları kifayət qədər yüksəkdir. Köçürmələr kütləvi şəkildədi. Bəlkə elə ona görə də 0-100 bal arasında nəticə göstərənlər “3” qiymətini attestatda ala biliblər. Yəqin ki, attestatı da köçürərək alıblar...
Məleykə xanım, desəm ki, bu gün təhsilin səviyyəsi sizi qane edir, yoxsa yox, yəqin ki birmənalı cavab almayacam. Odur ki, belə deyim-təhsil sahəsində 18 il təcrübəsi olan bir mütəxəssis kimi, Sizcə bu gün təhsilimizdə çatışmayan əsas şey nədir?
Bilirsinizmi, bu suala birmənalı cavab olsaydı və əgər kimsə desəydi ki, bu bəlanın dərmanı budur – ya bir insandan asılıdır, ya maliyyə vəsaitindən asılıdır vəs. bu, çox asan bir məsələ olardı. Təhsildə keyfiyyəti dəyişmək üçün ilk növbədə ictimai fikir dəyişməlidir. Mən hesab edirəm ki, bizdə bu gün təhsilin əsas problemi odur ki, müəllimlərin bilik səviyyəsi..., bizim çox yaxşı müəllimlərimiz var, amma müəllimlik kütləvi bir ixtisasdır. 100 minlərlə insan müəllim adı daşıyır. Onların hamsının bilik səviyyəsi indiki tədris proqramına, indiki tələblərə uyğundurmu? Bu çox çətin bir prosesdir. Bu problemə hazır bir resept vermək olmaz. İnsanlar başa düşməlidilər ki, oxumaq da əməkdir və əməyin də bəhrəsi olur. Bunu artıq bütün Azərbaycan bilir, çünki oxuyan uşağın balının qabağında heç kim dura bilməz.
Məleykə xanım, bildiyimiz kimi, xaricdə magistratura təhsil pilləsi 1 il il yarımı əhatə edir, bizdə isə 2 il, 2 il yarım. Necə düşünürsünüz gələcəkdə bizdə də bu müddət azaldıla bilərmi?
Bu, ixtisaslarla bağlıdır. Elə ixtisaslar var ki, onlara 1 il də bəs edər, amma eləsi var ki, 2 il. Elə ixtisaslar var ki, bakalavr pilləsinddə onu mənimsəmək mümkün deyil. Onu yalnız magistratura pilləsində mənimsəmək mümkündür. Bu, həmişə inkişafda olan bir prosesdir. Vaxtla əlaqədar onu deyim ki, bu, bizə aid bir məsələ deyil. Bu, bilavasitə magistratura təhsili ilə məşğul olan ali məktəblərə aid bir məsələdir.
Magistraturaya qəbul imtahanlarının 1-ci mərhələsində 100 sualın 50-ni məntiqi suallar təşkil edir. Fikrinizcə, məntiq suallarını yazılı Esse şəklində qəbul etmək olarmı? Əlbəttə ki, söhbət humanitar fənlərdən gedir. Məsələn tərcümə ixtisasına qəbulda bu praktika var bəs digərləri?
Esse müəyyən ixtisaslarda var. Filologiyada da bəzi ixtisaslarda (dillərlə bağlı) var. Amma filologiyada elə kütləvi ixtisaslar var ki, orada esse tətbiq etmək çox çətindir. Çünki kütləvi ixtisaslarda kütləvi esseni yoxlamaq üçün kifayət qədər müəllimlər (markerlər) lazımdır. Amma təəssüflər olsun, həmin esseni yoxlayacaq müəllimlər (markerlər) hazırlamaq çox çətindir. Biz neçə illərdi müəyyən ixtisaslar üzrə markerlər hazırlamışıq, amma kütləvi ixtisaslar olanda ölkənin həcmini və bu sahədə olan markerləri nəzərə alsaq, onda gərək həmin işlərin yoxlanması 1 həftə qədər uzansın. Onda ortaya sual çıxacaq ki, niyə digər ixtisasların cavabı o saat hazırlandı çıxdı, bizim cavablar isə saxlandı. Bu imtahanlarda çaşqınlıq yarada bilər.
Məleykə xanım, bilmirəm bu suala cavab verəcəksiniz ya yox, amma hər halda bu sualı sizə ünvanlamalıyam. TQDK xətti ilə müəyyən balı toplaya bilməyən və yaxud sənəd verib imtahanda iştirak etməyən abituriyent hər hansı universitetin tələbəsi ola bilər ya yox?
İndiyə qədər belə bir yol vardı ki, guya xaricdə hansısa bir universsitetə qəbul olurdular və 1 ildən sonra gəlib hansısa ali məktəbə köçürülürdülər.Bilirsiniz, bunun qarşısını almaq üçün ali məktəblər birinci növbədə öz imicləri barədə düşünməlidirlər, tələbə sayı barədə yox. Belə tələbələr hansı ali məktəbdə üstünlük təşkil edirsə, demək o ali məktəbin kontingent baxımından çox böyük problemi var. Tələbələr ora gəlmirlər və ona görə də onlar məcburdurlar pul yolu ilə kimlərisə qəbul etsinlər. Bu məsələnin tənzimlənməsi üçün TQDK bütün ali məktəblərdə “Tələbə-Məzun” elektron sistemi tətbiq edir. İndiyə qədər isə biz belə tələbələrin mövcudluğunu ya magistraturaya, ya da Dövlət Qulluğuna imtahan verəndə bilirdik.
Yəni TQDK xətti ilə imtahan vermədən və ya müəyyən bal toplamadan tələbə adı qazanan yoxdu?
Tamami ilə yoxdu. Mən sizə açıq deyə bilərəm - I qrupda 200 baldan aşağı bal toplayan 1 adam da heç bir ali məktəbə qəbul olunmayıb. Tam məsuliyyətlə deyə bilərəm, II, III, IV qruplarda 250 baldan aşağı bal toplayan 1 adam da nə özəl, nə də dövlət ali məktəblərinə qəbul olunmayıb. Təbii ki, burada qabiliyyət tələb edən ixtisaslar varsa, demək orda aşağı ballılar var. Biz, heç kimi başqa yollarla qəbul etmirik. Bunu mən yenə da tam məsuliyyətlə deyirəm. Hər il müəyyən olunan o hədd ki var, bal həddi, o bal həddindən aşağı 1 bal da olsa, biz onu ali məktəbə qəbul etmirik.
Bizə vaxt ayırdığınıza və suallarımıza ətraflı cavab verdiyinizə görə təşəkkür edirəm.
Müsahibəni apardı: Əzizə İsmayılova
10:25 30/08 | 1043 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Məleykə Abbaszadə: "Oxuyan uşağın balının qabağında heç kim dura bilməz"MÜSAHİBƏ | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun