“Beynəlxalq Novruz Festivalı Azərbaycanda -2010” adlı tədbirə start verilib
Tarix: 16.03.2010 Saat: 23:36
Mövzu: MƏDƏNİYYƏT


Tədbirdə dünya ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir.

Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Avropa Tələbələr Forumu - Bakı (AEGEE-Bakı) İctimai Birliyi tərəfindən “Beynəlxalq Novruz Festivalı Azərbaycanda -2010” adlı tədbirə start verilib. Tədbirin əsas məqsədi dünya gənclərini Azərbaycanın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini genişləndirməkdir. Tədbirdə dünya ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar tarixi abidələrə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, ailələrdə Novruz axşamını qeyd etməklə Azərbaycan mədəniyyətini daha yaxından tanımaq imkanı əldə edəcəklər. Tədbir martın 22-dək davam edəcək. AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsinin 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. 2004-cü ildən fəaliyyətə başlayan AEGEE-Bakı bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7895