“Azərbaycan Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyinə inanaraq onların ATƏT-in Minsk qrupunun həmsədrləri olmasına razılıq verib. İnanırıq ki, həmsədrlər özlərinin missiyalarına vicdanla və beynəlxalq hüquq normalarına uyğun yanaşacaqlar”.
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib. Onun sözlərinə görə, həmsədrlər üzərlərinə götürdükləri missiyanın məsuliyyətini dərk etməlidirlər. Amma təəssüf ki, 1992-ci ildə yaradılan Minsk qrupu indiyədək öz missiyasını başa çatdırmayıb. Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ problemi ilə bağlı birgə bəyanatını xatırladan YAP sədrinin müavini qeyd edib ki, hər iki dövlət Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində sıx əməkdaşlıq etmək niyyətini bildiriblər. “Azərbaycan vətəndaşları olaraq bu bəyanata inanırıq. Amma bu inamın möhkəm və dayanıqlı olması bir amildən asılıdır. Verilən bəyanatlar əməli fəaliyyətdə təsdiqini tapsın. Belə bir hal isə özünü tam şəkildə göstərməmişdir”.
